XİN məlumat verir

post-img

Aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani arasında telefon danışığı aparılıb.

Söhhbət zamanı Azərbaycan–Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub. Nazirlər Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla Suriya arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.

Söhbət zamanı uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycan–Türkiyə–Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Lu Mey ilə görüşüb.

Səfir Lu Mey etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Keçirilmiş görüşdə Azərbaycan–Çin strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Ötən ilin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu ilə əlamətdar olduğu, sözügedən Bəyannamədən irəli gələrək strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda yüksəksəviyyəli səfərlər və məsləhətləşmə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiya sahələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib. Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının təqdirəlayiq olduğu vurğulanıb.

Səfir Lu Mey ölkəmizdəki fəaliyyəti müddətində strateji tərəfdaşlıq münasibətlərimizin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

XQ



Son xəbərlər