Naxçıvan Nazirlər Kabinetinin hesabatı çap olunub

post-img

Nəfis tərtibatla təqdim olunan illik hesabat Naxçıvan Muxtar Respublikası Hökumətinin 2024-cü ildə gördüyü işlərin təhlilini özündə ehtiva etdirir. Hesabatda iqtisadiyyat, sosial təminat, hüquq-mühafizə və idarəetmə, infrastruktur, ətraf mühit, kənd təsərrüfatı və digər mühüm sahələr üzrə görülən işlər və əldə olunan nəticələr sistemli şəkildə təqdim olunub.

Hesabatın hazırlanmasında rəsmi statistika, dövlət qurumlarının illik hesabatları, normativ hüquqi aktlar və digər sənədlərdən istifadə olunub. Məlumatlar, analitik və müqayisəli metodlarla təhlil olunaraq cədvəl və qrafiklər vasitəsilə təqdim edilib.

Hesabatda qeyd olunur ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında da islahatlara səbəb olub. Məhz bu strategiyanın davamı olaraq, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Proqramın əsas hədəfi regionun davamlı inkişafını təmin etməklə yanaşı, iqtisadi fəaliyyətlərin şaxələndirilməsi və əhalinin sosial-rifah halının yüksəldilməsidir.

Vurğulanır ki, iqtisadi canlanma, infrastrukturun müasirləşdirilməsi, yerli sənaye və kənd təsərrüfatının gücləndirilməsi, eləcə də sosial sahədə həyata keçirilən yeniliklər bu strategiyanın əsas istiqamətləri sırasında yer alır. Bütün bu tədbirlər Naxçıvanın iqtisadi müstəqilliyini artırmaqla yanaşı, Muxtar Respublikanın rəqabətqabiliyyətli regional iqtisadi mərkəzə çevrilməsinə xidmət edir.

Prezident İlham Əliyevin bu istiqamətdəki baxışı və hesabatda yer alan fikri isə Naxçıvanın ümumi inkişaf konsepsiyasında tutduğu yeri bir daha aydın şəkildə göstərir: “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir. Bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir.”

Son xəbərlər