Naxçıvanda Dövlət Proqramı çərçivəsində  Regional Fermer Təlim Mərkəzi istifadəyə verilib

post-img

11 aprel tarixində Şərur rayonunda Regional Fermer Təlim Mərkəzi fəaliyyətə başlayıb.

Bu məqsədlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları-İqtisadi Siyasət Komitəsinin sədr müavini Mübariz Bayramov və komitə üzvü Məmməd Məmmədov, Aqrar Sığorta Fondunun Naxçıvan Filialının rəhbəri Sərxan Məmmədov, o cümlədən rayon icra hakimiyyətinin əməkdaşları və fermerlər iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Xəyalə Dadaşova bildirib ki, kənd təsərrüfatının inkişafında fermerlər mühüm rol oynayır. Bu səbəbdən onların bilik və bacarıqlarının artırılması, eləcə də aqrar sektor üzrə dünyada baş verən yeniliklərdən xəbərdar olması xüsusi əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər keçirilir, fermerlərin maarifləndirilməsi diqqətdə saxlanılır. 

Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda da fermerlərin aqrar sahədə bilik və təcrübələrinin artırılması əsas hədəflərdən biri kimi müəyyən edilərək Regional Fermer Təlim Mərkəzlərinin yaradılması tapşırığı verilib. Dövlət proqramının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində  aparılmış struktur islahatı nəticəsində yaradılan 3 regional mərkəz- Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzlərinin inzibati binalarında Regional Fermer Təlim Mərkəzləri yaradılıb. Naxçıvan şəhərindəki Təlim Mərkəzi Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan fermerləri, Culfa rayonundakı Təlim Mərkəzi Ordubad və Culfa rayonlarından olan fermerləri, Şərur rayonundakı Təlim Mərkəzi isə Şərur, Kəngərli və Sədərək rayonlarından olan fermerləri əhatə edir. 

“Növbəti günlərdə Naxçıvan şəhəri və Culfa rayonunda da Regional Fermer Təlim Mərkəzləri fəaliyyətə başlayacaq”- deyən nazir müavini Təlim mərkəzlərinin fermerlərin yerində təlimlərə cəlb edilməsinə şərait yaratmaqla, muxtar respublikada təcrübəli və bacarıqlı kənd təsərrüfatı məhsulları istehsalçılarının formalaşmasına mühüm töhvə verəcəyini qeyd edib

Daha sonra Regional Təlim Mərkəzinə baxış olub, ilk təlim keçirilib. Məlumat verilib ki, təlim mərkəzi eyni anda 80 fermerin təlim keçməsinə imkan verir. Təlimlər həm əyani, həm də onlayn formada təşkil ediləcək. Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edəcək təlimlər Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirliklərinin, o cümlədən tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçiriləcək. Təlimlərdə fermerlər nəzəri biliklər əldə etməklə yanaşı, praktiki bacarıqlara yiyələnmək imkanı da əldə edəcəklər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 







Son xəbərlər