Yeni Azərbaycan Partiyasının nümayəndələri aprelin 11-də IV Antalya Diplomatiya Forumunun ilk günündə keçirilən bir sıra panel iclaslarına qatılıblar.
Forum çərçivəsində YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya arasında görüş də keçirilib.
Görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf etdiyi və ən yüksək səviyyəyə çatdığı bildirilib. Türkiyə ilə Azərbaycanın beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləməsinin milli maraqların təmini və strateji hədəflərin gerçəkləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüş əsnasında Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, 2021-ci il iyunun 2-də imzalanmış Əməkdaşlıq Protokolunda əksini tapmış vəzifələrin uğurla icra olunduğu məmnunluqla vurğulanıb, hakim partiyaların bundan sonra da dövlət maraqlarına əsaslanan milli məqsədləri inamla həyata keçirəcəklərinə əminlik ifadə olunub.
XQ