D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

post-img

Azərbaycan hökuməti 2025-ci il martın 19-da səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda yerləşən katibliyinə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini rəsmi şəkildə təqdim edib. Bununla da Azərbaycan D-8 Təşkilatına tamhüquqlu üzv olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Təşkilatın Katibliyi açıqlama yayıb.

Açıqlamada deyilir: “Azərbaycanın D-8-ə doqquzuncu üzv kimi qoşulması təşkilat üçün mühüm bir hadisədir. Bu inkişaf üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsinə və Nizamnamədə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsinə yeni imkanlar açacaq”.

Xatırladaq ki, Azərbaycan ötən il dekabrın 19-da Misirin Qahirə şəhərində keçirilən D-8 üzv ölkələrinin dövlət və hökumət başçılarının XI Sammitində təşkilata üzvlüyü ilə bağlı müraciət edib və bu müraciət yekdilliklə qəbul olunub.

Qaydalara uyğun olaraq, Sammitin bu qərarından sonra Azərbaycanın təşkilata tamhüquqlu üzv olması üçün D-8 Nizamnaməsini ratifikasiya etməsi tələb olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi 2025-ci il martın 7-də bununla bağlı qanunu (149-VIIQ saylı Qanunu) qəbul edib və bu qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib.

Son xəbərlər