Dünya nizamında baş verən dəyişikliklər beynəlxalq münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qlobal güclərin rəqabəti, regional konfliktlər və beynəlxalq təşkilatların rolu ilə bağlı yaranan suallar dünya siyasətinin əsas müzakirə mövzularından birinə çevrilib. Azərbaycan isə bu proseslərin mərkəzində yer alaraq öz milli maraqlarını qorumaq, təhlükəsizliyini təmin etmək və beynəlxalq arenada daha güclü mövqe tutmaq üçün strateji addımlar atır. Prezident İlham Əliyevin Euronews-a verdiyi müsahibə də Azərbaycanın bu dəyişikliklər fonunda mövqeyini aydın şəkildə ortaya qoyur.
Mövcud dünya düzəni artıq keçmişdə qalan beynəlxalq qaydaların yerinə, yeni modellərin axtarıldığı bir dövrə qədəm qoyub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qlobal nizam artıq əvvəlki kimi deyil və ölkələr öz daxili resurslarına daha çox güvənmək məcburiyyətindədir. Azərbaycanın müstəqillik qazandıqdan sonra keçdiyi yol da bunu sübut edir. Beynəlxalq hüququn selektiv tətbiqi səbəbindən uzun illər torpaqlarının işğal altında qalmasına baxmayaraq, Azərbaycan öz gücünə arxalanaraq ərazi bütövlüyünü bərpa etdi və regionda yeni reallıq yaratdı.
Hazırkı qlobal transformasiyalar göstərir ki, dövlətlər beynəlxalq təşkilatların zəiflədiyi bir şəraitdə daha çox ikitərəfli münasibətlərə önəm verməlidir. Azərbaycan bu strategiyanı tətbiq edərək həm qonşu dövlətlərlə, həm də qlobal güclərlə balanslı siyasət yürüdür. Xüsusilə Türkiyə və digər mühüm tərəfdaşlarla əlaqələrin gücləndirilməsi regional sabitliyə və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfə verir.
Cənubi Qafqaz daim müxtəlif güclərin maraq dairəsində olub. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu region uzun illər qarşıdurma və düşmənçilik mühiti ilə xarakterizə olunub. Lakin Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparmaqla və regional əməkdaşlıq təşəbbüsləri irəli sürməklə yeni reallıq yaradıb. Regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün sülh sazişlərinin bağlanması vacibdir. Azərbaycanın Ermənistana sülh təklifləri, regional kommunikasiyaların açılması və qarşılıqlı iqtisadi layihələrin həyata keçirilməsi bu istiqamətdə atılan mühüm addımlardır. Lakin sülh müqaviləsi imzalanmadan regionda tam sabitlik mümkün olmayacaq.
Azərbaycanın xarici siyasəti beynəlxalq təşkilatlarla əməkdaşlıq və milli maraqların qorunması prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev Euronews-a müsahibəsində vurğuladı ki, bəzi beynəlxalq təşkilatlar ya zəifliyini nümayiş etdirir, ya da tamamilə iflic vəziyyətinə düşüb. Bu vəziyyət ölkələrin özünəməxsus siyasət yürütməsini və milli maraqlara əsaslanan diplomatiyanın həyata keçirilməsini qaçılmaz edir.
Azərbaycanın qlobal miqyasda artan nüfuzu təkcə enerji layihələri ilə məhdudlaşmır. COP-29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, müxtəlif beynəlxalq forumlarda aktiv iştirakı və strateji əməkdaşlıqları Azərbaycanın diplomatik uğurlarının göstəricisidir.
Qlobal transformasiyalar dünyanın siyasi və iqtisadi xəritəsini yenidən formalaşdırır. Bu dəyişikliklər fonunda Azərbaycan öz müstəqil siyasətini davam etdirərək beynəlxalq arenada mühüm aktor kimi mövqeyini gücləndirir. Prezident İlham Əliyevin Euronews-a müsahibəsində vurğuladığı kimi, ölkələr öz gələcəklərini özləri müəyyən etməlidir. Azərbaycan da bu prinsipə əsaslanaraq milli maraqlarını qorumaq, regionda lider mövqeyini möhkəmləndirmək və beynəlxalq aləmdə öz təsir imkanlarını genişləndirmək istiqamətində ardıcıl addımlar atır.
Qlobal güc balansında gedən dəyişikliklər fonunda Azərbaycanın müstəqil və praqmatik siyasəti ölkəmizi gələcəkdə daha da gücləndirəcək və beynəlxalq arenada mühüm oyunçular sırasında saxlayacaq. Azərbaycanın milli maraqlara əsaslanan strategiyası, regionda sülh təşəbbüsləri və beynəlxalq əlaqələrinin inkişafı bu məqsədə çatmaq üçün əsas amillərdən biridir.
Əziz QASIMOV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı