“Martın 7-də Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqlədi. 3 qitəni, 8 müsəlman dövlətini - Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanı özündə birləşdirən “D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycanın 9-cu tam hüquqlu üzv qəbul edilməsi həm ölkəmizin, həm də təşkilatın güclənməsinə, nüfuzunun artmasına müsbət təsir göstərəcək. Şərq ilə Qərb arasında körpü rolunu oynayan ölkəmiz müxtəlif dəyərlərin transformasiyası üçün əhəmiyyətli mərkəzdir. Bu mənada D-8-ə üzv olmaq İslam dəyərlərinin dünyada təbliğinə və islamofobiya ilə mübarizəyə böyük töhfə verəcək. Azərbaycanın üzv dövlətlər arasında ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və təhsil siyasəti də daxil olmaqla strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi şübhə doğurmamalıdır”.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Regionda təhlükəsizlik, sabitlik və inkişafın formalaşmasında D-8-in imkanlarını yüksək qiymətləndirən millət vəkilinə görə, yeni əməkdaşlıq bölgədə iqtisadi əlaqələri, nəqliyyat və kommunikasiya bağlarını daha da gücləndirəcək.
“1997-ci ildə İstanbulda yaradılmış bu təşkilat dünya müsəlmanlarının ən böyük birliyi hesab olunur. D-8 bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Təşkilata üzv dövlətlərin ümumi daxili məhsulu 5 trilyon dollardan çoxdur. Ötən müddət ərzində birlik heç bir müsəlman ölkəsini öz sıralarına daxil etməmişdi. Yalnız Azərbaycan 2024-cü ilin dekabr ayında D-8-ə yekdilliklə üzv qəbul edildi. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan bu birliyə yeni üzv seçilmişdir. Bu, ölkəmizin nüfuzunun və bizə olan münasibətin göstəricisi idi. Yeni dünya düzəninin formalaşdığı bir dönəmdə yeni iqtisadi və siyasi güclərin meydana çıxması zamanın tələbidir və bu, zərurətdən doğur. Eyni zamanda siyasi liderlər dünyada gedən iqtisadi-siyasi prosesləri düzgün dəyərləndirib, yeni təşəbbüslərlə çıxış etməklə birqütblü dünyanın zərərli təsirlərini aradan qaldıra bilərlər. Düşünürəm ki, D-8 təşkilatı yaranan boşluğun doldurulmasında önəmli paya malik olacaq. Bu təşkilatın bu günə qədər qəbul etdiyi ən doğru qərarlardan biri də məhz Azərbaycanı öz sıralarına cəlb etməsidir. Bu da göstərir ki, birlik doğru yoldadır. Təşkilat həmçinin üzv ölkələr arasında birgə ticarət, investisiya və texnoloji əməkdaşlıq yaratmaq üçün müxtəlif proqramlar həyata keçirir, onların dünya bazarlarına çıxışı üçün təşviqedici tədbirlər görür. D-8-in təhsil, mədəniyyət və sosial sahələrdə əməkdaşlığı üzv ölkələr arasında güclü dostluq əlaqələrini formalaşdırır. Onsuz da, Azərbaycanın D-8-də təmsil olunan dövlətlərlə ayrı-ayrılıqla münasibətləri, iqtisadi-siyasi əlaqələri mövcud idi və inkişaf edirdi. Bundan sonra bu əlaqələr həm ikitərəfli qaydada, həm də təşkilat çərçivəsində daha da inkişaf edəcəkdir. Xüsusilə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı D-8 ölkələri üçün mühüm tranzit mərkəzinə çevrilir. Təşkilatın beynəlxalq hüquqa söykənən prinsipləri çox aydındır. Münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, istismar əvəzinə kooperasiyalar, ikili standartlar əvəzinə hüquq, zülm əvəzinə demokratiya, diskriminasiya əvəzinə hüquqi bərabərlik kimi şüarları əlində əsas tutan birlik bütün dünyaya sülh və əməkdaşlıq mesajı verir”.
M.Vəliyeva qeyd etdi ki, Azərbaycan rəhbərliyi başda Türkiyə olmaqla D-8 üzvlərinin ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirir: “Azərbaycanda İslam dininə, dini dəyərlərə qoyulan hörmət müsəlman dünyasında nüfuzumuzu daha da artırıb. Bütün müsəlman ölkələrində Azərbaycana qarşı etibar və hörmət var. Qoşulmama Hərəkatına sədrliyi, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyimiz Azərbaycanın nüfuzunun artmasında mühüm hadisələrdir. Əlbəttə ki, Azərbaycanın etibarlı tərəfdaş olmasında Lider amili danılmazdır. Məhz cənab Prezidentin dürüst, müstəqil, balanslaşdırılmış siyasəti Azərbaycanın regionda, İslam aləmində və türk dünyasında nüfuzunu günü-gündən artırır. Ölkə daxilində yürüdülən düzgün siyasət beynəlxalq nüfuzumuzun da artmasına səbəb olub. Azərbaycanın D-8-ə üzvlüyü müzakirə olunarkən ölkəmizin iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücümüz, İslam həmrəyliyi istiqamətindəki fəaliyyətimiz nəzərə alınıb. D-8-un Azərbaycanın timsalında öz coğrafiyasını genişləndirərək Qafqaz, Xəzər regionunu da əhatə etməsi ciddi siyasi hadisədir. Təşkilatın coğrafiyası nə qədər geniş olsa, imkanları da o qədər böyük olacaq. Təbii ki, Azərbaycan da D-8 təşkilatının güclənməsi üçün öz imkanlarını səfərbər edəcək, yeni təşəbbüslər irəli sürəcək. D-8-in daha da genişlənməsi və qlobal güc mərkəzi kimi çıxış etməsi olduqca realdır”.