AMEA mülki müdafiə işini himayə edir

post-img

AMEA-nın Əsas binasında Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda mərasim keçirilib. Əvvəlcə mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi sərgi ilə tanış olublar. Sonra nazirliyin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Toplantını giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ümumdünya Mülki Müdafiə Gününün məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını vurğulayan alim bildirib ki, ölkəmizdə fövqəladə halların qarşısının alınması və onlarla mübarizə XXI əsrin ən vacib məsələlərindən birinə çevrilmişdir: “Müasir dünyada yalnız müharibələrlə deyil, həm də təbii fəlakətlərlə mübarizə aparmaq üçün yeni texnologiyaların inkişaf etdirilməsi, bu texnologiyalardan istifadə edəcək kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Sonra çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi haqqında məlumat verib, əlamətdar günün Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən təsis edildiyini diqqətə çatdırıb. Azərbaycanın 1993-cü ildən bu beynəlxalq təşkilata üzv olduğunu söyləyən Niyazi Zamanov 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günündə hər il konkret bir mövzuya dair müxtəlif tədbirlərin təşkil edildiyini bildirib.

Baş idarə rəisi vurğulayıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir.

Daha sonra “Azercell Telekom” MMC-nin Biznesin Dayanıqlığı şöbəsinin rəhbəri Anar Mirzəyev ”Əhalinin təhlükəsizliyində telekommunikasiyanın önəmi”, “Azərbaycan Dəmir Yolları” QSC-nin SƏTƏM rəhbəri Bəhruz Nəcəfli “Mülki müdafiə tədbirləri çərçivəsində əhalinin təhlükəsizliyinin təmin olunmasında dəmir yolu nəqliyyatı strukturunun rolu”, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə fövqəladə hallar proqramının rəhbəri doktor Kəmran Məşhədi “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda məruzələrlə çıxış ediblər.

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin rəisi Nizami Vəliyevin “Azərbaycan Milli Elmlər Akademiyasında mülki müdafiənin təşkili” və Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elşən Qurbanovun “Yerli icra hakimiyyəti orqanında mülki müdafiə tədbirlərinin təşkilinin əsas prinsipləri” mövzusunda məruzələri dinlənilib.

Sonda 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyət göstərən şəxslər Fövqəladə Hallar Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunublar.

Sonda akademik İsa Həbibbəyli toplantını mülki müdafiə sahəsinin inkişaf etdirilməsi və FHN-in fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm töhfə kimi dəyərləndirib. Bildirib ki, bu kimi tədbirlər, iki qurum arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi, münasibətlərin daha da dərinləşməsi və birgə ortaq layihələrin həyata keçirilməsi üçün uğurlu bir başlanğıcdır.

Qabil ƏLİYEV
XQ

Son xəbərlər