AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəliyə çıxarılan məsələlərlə tanış edib.
Gündəlikdəki ilk məsələ Konstitusiya və Suverenlik İli ilə bağlı AMEA Naxçıvan Bölməsinin Tədbirlər Planının təsdiq edilməsi barədə olub.
Məsələ ilə bağlı danışan akademik İsmayıl Hacıyev bildirib ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Azərbaycan SSR-nin 1921, 1937, 1978-ci illərdə Konstitusiyalarının qəbul qəbul olunduğunu xatırladan alim bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi xüsusi komissiya tərəfindən hazırlanmış, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsində qəbul olunmuşdur. Akademik ölkənin əsas qanununun əhəmiyyətindən, Konstitusiyamızda əksini tapmış ümumi müddəalardan, insan və vətəndaşların hüquq və azadlıqlarının demokratik əsaslarla təsbitindən bəhs edib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun qazandığı parlaq qələbə və birgünlük lokal xarakterli antiterror tədbir sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, suverenliyimiz tam təmin edilmişdir.
“Konstitusiya və Suverenlik İli” AMEA qarşısında da mühüm vəzifələr müəyyənləşdirmişdir”,- deyən bölmə sədri iclas iştirakçılarını həmin vəzifələrin icrası məqsədilə qəbul olunmuş Tədbirlər Planı ilə tanış edib, həyata keçiriləcək işləri diqqətə çatdırıb.
Daha sonra Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr barədə məlumat verib, məsələ ətrafında müzakirə aparılıb.
Rəyasət Heyəti həmçinin bölmədə çalışan böyük laborantların fəaliyyətləri ilə bağlı hesabatlarını dinləyib, gənc tədqiqatçılara müvafiq tövsiyələr verib. Bir nəfər işlə təmin olunub.
Gündəlikdəki digər məsələlərin müzakirəsindən sonra iclas başa çatıb.