Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə və ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 180 kv.m olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ