“Ana Harayı” -  Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri

post-img

Üzeyir Hacıbəylinin Ev-Muzeyi və Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Ana Harayı” adlı anım mərasimi keçirilib.

Muzeyin ekspozisiya şöbəsinin müdiri Vəfa Bağırzadə çıxış edib və bu günü  Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri, bəşəriyyətin vicdanında silinməz izlər buraxan dəhşətli bir qətliam kimi xarakterizə edib.

Sonra Rafiq Babayev adına musiqi məktəbinin şagirdlərinin hazırladığı “Ana Harayı” adlı səhnə əsəri nümayiş etdirilib. Tamaşa, Nəzəriyyə şöbəsinin müəllimi Şəbnəm Sədrəddinovanın rəhbərliyi ilə hazırlanıb. Əsərdə Xocalı faciəsinin acıları, anaların fəryadı və vətən həsrəti dərin emosionallıqla ifadə olunur.

Mərasim boyunca səsləndirilən Xocalıya həsr olunmuş şeir parçaları tamaşaçılara  hüzn və Vətən sevgisi hisslərini yaşadıb. Bədii hissədə, həmçinin Azərbaycanın görkəmli bəstəkarları Tofiq Quliyev, Arif Məlikov, Cavanşir Quliyev, Fikrət Əmirovun əsərləri ifa olunub.

Sonda Üzeyir Hacıbəyli adına Ev-Muzeyinin direktoru, xalq artisti, bəstəkar Sərdar Fərəcov çıxış edərək, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Rafiq Babayev adına 25 nömrəli musiqi məktəbinin rəhbəri Becan Hüseynova, bütün müəllim və şagird heyətinə dərin təşəkkürünü ifadə edib. 

“Xocalı faciəsini unutmadıq, unutmayacağıq!” şüarı altında keçirilən tədbir  iştirakçılarda dərin təəssurat hissi yaradaraq onlara şəhidlərin əziz xatirəsini hər zaman yad etməyin əhəmiyyətli olduğunu  göstərib. Sonda tədbir iştirakçıları muzeyin ekspozisiya zalları ilə tanış olublar.

 

Fidan SALMANOVA

Sadıq Əliverdibəyli (foto)













Son xəbərlər