Fevralın 21-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin iştirakçılarının təşəbbüsü ilə “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” mövzusuna həsr olunan forum keçirilib.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev Azərbaycanın müstəqilliyini və suverenliyini gücləndirmək məqsədilə belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin dövlətçilik siyasətinin inkişafına və beynəlxalq mövqeyimizin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.
Daha sonra “Yüksəliş” müsabiqəsi tərəfindən Azərbaycanın suverenliyi mövzusunda hazırlanmış videoçarx forum iştirakçılarına nümayiş etdirilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva forumun müstəqil Azərbaycanın bütövlüyünün möhkəmləndirilməsinə töhfə verdiyindən danışıb. O bildirib ki, bu tədbir xalqımızda mübariz birliyin daha da möhkəmlənməyində, birlikdə iştirakçısı və şahidi olduğumuz tarixi prosesin gələcək nəsillərə ötürülməsində böyük rol oynayacaq.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, son 30 ildə Azərbaycan dövlət quruculuğu və qanunvericilik sahəsində böyük irəliləyişlər əldə edib. 2019-cu ildə Prezident İlham Əliyevin Konstitusiya ilə bağlı Fərmanına əsasən məhkəmə sistemində islahatlar aparılaraq cəmiyyətin məhkəmələrə inamı artırılıb. Daha sonra o qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisi, milli kimliyin güclənməsi və təhsilin inkişafı üçün möhkəm təməl yaradıb. Ulu öndər Heydər Əliyevin və xalqımızın arzusu olan tam suverenlik və ərazi bütövlüyü bu gün gerçəkləşib.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov vurğulayıb ki, Prezident İlham Əliyev məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Qeyd olunub ki, konstitusiya cəmiyyət inkişaf etdikcə dəyişikliklərə məruz qalır və bu dəyişikliklər dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. 2002, 2009 və 2016-cı illərdə edilən konstitusiya dəyişiklikləri dövlət idarəetməsini gücləndirib və 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın suverenliyinin tam əraziyə şamil olunması ilə nəticələnib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın suverenliyi bütün ərazilərində bərpa edərək gücləndirilib. O, eyni zamanda, ümummilli lider Heydər Əliyevin Prezident kimi həyata keçirdiyi güclü dövlətçilik siyasətinin ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, dövlətin qarşısına qoyduğu hədəflərə çatmaq üçün insan resursları kapitala çevrilməlidir. O, Azərbaycanın inkişafının dərinləşməsi, hüquq sisteminin möhkəmlənməsi, iqtisadi imkanların artırılması və sosial rifahın yaxşılaşdırılması barədə danışıb.
Forumda çıxış edənlər onu da vurğulayıblar ki, Azərbaycanın suverenliyini beynəlxalq aləmdə möhkəmləndirmək və ölkənin daxili siyasətində və iqtisadiyyatında davamlı inkişafı təmin etmək yalnız dövlətin gələcəyi üçün deyil, həm də xalqımızın rifahı, hüquqi, siyasi və iqtisadi müstəqilliyinin daha da genişlənməsi üçün böyük əhəmiyyət daşıyır.
Forum rəsmi çıxışlardan sonra panel müzakirələri ilə davam edib.
“Yüksəliş” müsabiqəsinin iştirakçılarının təşəbbüsü ilə artıq ikinci dəfə forum təşkil olunur. Ötən il baş tutan ilk forum müsbət trendləri müzakirə, müsabiqənin davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri inkişaf etdirmək məqsədilə təşkil olunub.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalayıb.
XQ