Asiya Parlament Assambleyasının İcraedici Şurasının Bakı iclası

post-img

Fevralın 18-də Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.

İclası APA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev açıb. Nümayəndə heyətinin rəhbəri Azərbaycanın sədrliyi ilə 26 ölkəni təmsil edən 250-dən çox nümayəndə və 7 beynəlxalq təşkilatın təmsilçisinin qatıldığı APA-nın 15-ci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Rizvan Nəbiyev ötən il Azərbaycanın bütün suveren ərazilərində baş tutmuş növbədənkənar prezident və parlament seçkiləri haqqında məlumat verib, həmçinin Bakıda keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası və onun çərçivəsində qəbul edilmiş mühüm qərarların əhəmiyyəti barədə danışıb. O, COP29 çərçivəsində qəbul edilən qərarların ətraf mühitin mühafizəsi, yaşıl enerji keçidi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İclasda APA-nın Baş katibi Məhəmməd Reza Məcidi qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat təqdim edib. O, bu müddət ərzində görülən işlərdən bəhs edib, 2026-2027-ci illər üçün APA-nın prezidentliyi və vitse-prezidentliyinə namizədliklər, bəzi ölkələrə tam hüquqlu və müşahidəçi statusunun verilməsi məsələləri, eləcə də qurumun komitələrində müzakirə olunan qətnamə layihələri ilə bağlı fikir və təkliflər barədə məlumat verib.

Sonra APA-nın 15-ci Plenar sessiyasının gündəliyi müzakirə olunub.

Tədbirdə qurumun Siyasi məsələlər üzrə, İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə daimi komitələri tərəfindən irəli sürülən qətnamə layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.

***

Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əvvəlcə Natalya Koçanova Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra iki ölkənin parlament sədrləri arasında təkbətək görüş keçirilib. Görüşdən sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra tərəflər arasında geniş tərkibdə görüş olub.

Sahibə Qafarova Belarus parlamentinin sədrinin rəsmi səfərlə yanaşı, həm də Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etməsini yüksək qiymətləndirib.

Bildirilib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 32 ildə ikitərəfli əlaqələrdə fundamental ənənələr formalaşıb. Münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli münasibətlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan 170-dən artıq sənədin əlaqələrin daha da güclənməsinə xidmət etdiyini vurğulayıb.

Ölkəmizə rəsmi səfərə və APA-nın 15-ci plenar sessiyasında iştiraka dəvətə görə təşəkkürünü bildirən Natalya Koçanova qeyd edib ki, iki ölkənin bugünkü əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır. O, iki ölkənin iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrinin yüksək səviyyədə olmasından danışaraq, bu baxımdan parlamentlərarası əlaqələrin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

XQ

Son xəbərlər