İstanbulda Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü iclası keçirilib. Ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Orxan Zeynalov çıxışında Azərbaycanın enerji keçidi sahəsində mövcud strategiyası, bərpaolunan enerji potensialı və “yaşıl” enerjinin ixracı istiqamətində atılan addımlar barədə məlumat verib. Azərbaycanda “yaşıl” enerji zonalarının yaradılması və Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən, həmçinin ölkəmizi Avropa ilə birləşdirəcək yaşıl enerji dəhlizlərindən danışılıb.
İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq bazasının formalaşdırılması məqsədilə “yaşıl” enerjinin ötürülməsi sahəsində əməkdaşlığa dair hazırlanmış Anlaşma Memorandumunun layihəsi müzakirə edilib və sənədin mətni razılaşdırılıb.
XQ