Beynəlxalq Avrasiya Mətbuat Fondu Himayəçilik Şurasının yeni ildə keçirilən ilk iclasında qurumun ötənilki fəaliyyətinə yekun vurulub, növbəti hədəflərə nəzər salınıb.
BAMF sədri Umud Mirzəyev ötən ilin yekun hesabatını şuranın diqqətinə çatdırıb. O, 2024-cü ilin əvvəlində qarşıya qoyulan hədəflər üzrə fəaliyyətlərin uğurla icra olunduğunu, təşkilatın regionda və beynəlxalq miqyasda həyata keçirdiyi mühüm layihələrin nəticələrini və qazanılan uğurlu tərəfdaşlıqları qeyd edərək bildirib ki, BAMF ötən müddətdə media və vətəndaş cəmiyyətinin inkişafı, mina aksiyası, dayanıqlı inkişaf məqsədləri və sosial istiqamətlərdə həm yerli, həm də beynəlxalq səviyyədə mühüm fəaliyyətlər həyata keçirmişdir.
Hesabatda BAMF-ın 2024-cü il növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyası, ənənəvi olaraq çoxsaylı yerli və xarici jurnalistlərin, diplomatların Qarabağa səfərlərinin təşkili, qadın minaaxtaran komandalarının uğurlu fəaliyyəti və nəticələri, onların fəaliyyətlərinin işıqlandırılmasında Bakı Media Mərkəzi və digər media qurumları ilə olan əməkdaşlıqlar, Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, tədbirlərdə, o cümlədən, COP29-da iştirakçılıq, BMT-nin Cenevrə ofisində yan tədbirin təşkili əksini tapıb.
“Sülhün kökləri” təşkilatının rəhbəri və qurucusu Heidi Kuhn, Banqladeş hökumətinin rəhbəri professor Məhəmməd Yunus, BMT-nin QHT bölməsinin rəhbəri Vuk Çin Çanq kimi önəmli şəxslərin səfərləri, BAMF-ın İcma Mina Aksiyası komandasının statistikası və digər əsas fəaliyyətlər, Tərtərdə qadın minaaxtaran komandaları üçün inşa edilən Peşə Tədris Mərkəzi barədə məlumat da təqdimatda yer alıb.
Himayəçilik Şurasının sədri Çingiz Abdullayev icra olunan fəaliyyətləri və əldə olunan nəticələri yüksək qiymətləndirib, hesabatın zəngin olduğunu vurğulayıb. Şura üzvləri Əflatun Amaşov, Rəşad Məcid və Vaqif Bəhmənli də BAMF-ın ötənilki fəaliyyətini təqdirəlayiq hesab ediblər.
İclasda BAMF-ın 2025-ci il üzrə fəaliyyət istiqamətlərinə uyğun qarşıya qoyulacaq hədəflər və gələcək fəaliyyət planı müzakirə olunub.
T.RÜSTƏMLİ
XQ