Seçki xəbərləri

post-img

Namizədlərə təşviqat üçün bərabər şərait yaradıldı

Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, təşviqatın aparılması üçün ölkə üzrə açıq və qapalı olmaqla 5912 yer müəyyən edilmişdi. Bunlardan 3730-u açıq, 2182-si isə qapalı məkan idi. Hazırda qış fəsli olduğu üçün bu məqam da nəzərə alınmışdı. Namizədlər, siyasi partiyalar, eyni zamanda təşviqat aparmaq hüququna malik subyektlər tərəfindən həmin məkanlarda təşviqat aparılıb. Bu məkanlarda təşviqat aparmaq tam pulsuz idi. Dairə seçki komissiyaları tərəfindən namizədlərə bu imkan da yaradılmışdı.

Şəxsiyyət vəsiqəsinin müddəti bitmiş seçici də səs verəcək

Onu da bildirək ki, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitmiş seçicilər də bələdiyyə seçkilərində iştirak edə biləcəklər. MSK sədri Məzahir Pənahov bu vətəndaşları narahat olmamağa çağırıb. Qeyd edib ki, digər seçkilərdə olan prinsiplər bu seçkidə də tətbiq olunacaq.

MSK-nın “qaynar xətti” fəaliyyətdədir

Seçki Məcəlləsinin tələblərinə görə, vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı müraciətlər ünvanlamasını asanlaşdırmaq məqsədilə MSK-nın 115 saylı “qaynar xətti” fəaliyyət göstərir. Seçicilər istənilən məsələ ilə bağlı – istər şikayət, istər sorğu, istər seçki məntəqəsinin yeri, istərsə də seçici siyahıları barədə “qaynar xətt”ə müraciət edə bilərlər. MSK əməkdaşları tərəfindən daxil olmuş bütün sorğular operativ qaydada cavablandırılır.

Ombudsmanın təşəbbüsü ilə İşçi Qrupu yaradıldı

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi Qrupu yaradılıb. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində özlərinin təşəbbüsü ilə müstəqil şəkildə müşahidə aparacaqlar. Hər bir müşahidəçinin yerlərdə apardığı müşahidənin nəticələri ilə bağlı məlumat hər saatdan bir ombudsmana təqdim ediləcək və zərurət yarandığı təqdirdə, hüquqların təmini istiqamətində MSK ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.

Mətbuat Şurasında da “qaynar xətt” olacaq

Bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. Şuradan verilən məlumata görə, qurumun (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə işləyəcək. Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edə biləcəklər. Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.

 

Son xəbərlər