Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın dekabrın 29-da keçirilən iclasının protokolu təsdiq edilib. Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb və Mərkəzi Seçki Komissiyası 47 saylı Sumqayıt–Abşeron–Qaradağ və 56 saylı Şabran-Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsinə qərar verib.
İclasda daha sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciət Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərar qəbul olunub.
İclasın sonunda bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınması və müşahidəçilərin akkreditasiyası ilə bağlı statistik göstəricilər də elan olunub, habelə yanvarın 6-dan start götürən seçkiqabağı təşviqat prosesi ilə əlaqədar yaradılmış geniş və hərtərəfli imkanlar diqqətə çatdırılıb.
Media subyektləri nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.
***
“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən, yanvarın 6-dan seçkiqabağı təşviqat başlayıb. Təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək. Kampaniya çərçivəsində Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 min 696 namizəd qeydə alınıb.
Xatırladaq ki, ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qatılmayıb.
XQ