Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti “AMEA əməkdaşlarına impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında” qərar qəbul edib.
Qərara əsasən, AMEA əməkdaşları üçün nüfuzlu elmmetrik bazalarda indekslənən nəşrlərdə dərc olunmuş elmi işlərə görə, eləcə də il ərzində ən çox məqalə nəşr etdirilən ilk 3 yer üzrə mükafatlar təsis edilib. Elmi müəssisə və təşkilat rəhbərlərinə müvafiq materialların ildə 2 dəfə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinə təqdim edilməsi tapşırılıb.
AMEA-da çalışan alim və mütəxəssislərin ilin birinci yarısında nüfuzlu elmmetrik bazalarda indekslənən elmi jurnallarda 12, ilin ikinci yarısında isə 47 məqaləsi çapdan çıxıb. Qeyd olunan məqalələr Elm və təhsil, “Elektron Akademiya” şöbələrində yoxlanılıb və təsdiq edilib.
Ən çox – 7 məqalə ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Dmitriy Kriçenko və Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi dosent Zülfiyyə İsmayıl II yerdə qərarlaşıblar. III yerdə isə Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilov olub.
XQ