Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.
Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrin əhəmiyyətini qeyd edib. Təhsil, səhiyyə, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və mədəniyyət sahələrində layihələrin, habelə təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.
Keniya Prezidenti ölkəmizin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini deyib. Azərbaycan ilə Keniya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edib. O, iqlim fəaliyyəti, enerji, ticarət və sərmayələr, turizm, təhsil və digər sahələr daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək və tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu bildirib. Dövlət səviyyəsində, o cümlədən, Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil, mədəniyyət, səhiyyə və digər humanitar sahələrdə həyata keçirilən layihələrin əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Keniya Respublikasının Prezidenti Uilyam Samoei Rutoya ölkəmizə səfərə dəvət məktubu təqdim edilib.
Prezident Ruto dəvətə görə təşəkkür edib, onu məmnuniyyətlə qəbul etdiyini bildirib.
* * *
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 21-də Keniya paytaxtında bu ölkənin qədim təhsil ocağı olan Nayrobi orta məktəbinə baş çəkib.
Məktəbdə fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompüter sinfinin açılışı olub.
Sonra Leyla Əliyeva şəhərdəki Kangemi Tibb Mərkəzində yeni doğulan uşaqlar üçün bölmə ilə tanış olub. Mərkəzə və analara Heydər Əliyev Fondunin hədiyyələri təqdim edilib.
XQ