İsrail qəzeti Azərbaycanın dostudur

post-img

İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən “The Jerusalem Post”da dərc olunmuş “Dinc yanaşı yaşama ölkəsi olan Azərbaycan yəhudilərə nə üçün lazımdır?” sərlövhəli məqaləsi dərc edilib. Bu barədə məlumat Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Yəhudilərin Azərbaycanda həyatına həsr olunan yazıda ilk dəfə eramızdan əvvəl VIII əsrdə Azərbaycana gəlmiş bu xalqın həmin vaxtdan antisemitizmlə qarşılaşmadan sülh və harmoniya içində yaşadığı göstərilir. Xüsusilə ötən il Azərbaycan İsraildə səfirlik açdıqdan sonra onların həyatı çiçəklənir. Müəllif qeyd edir ki, antisemit köklü nifrət və dözümsüzlüyün tüğyan etdiyi dünyada multikultural Azərbaycan əsil nümunədir. Yəhudilərin və müsəlmanların bir-birinin bayramlarını qeyd edərək dinc yanaşı yaşamağına və dostluğuna aşkar misaldır. Bakı, Quba, Oğuz, Gəncə və Azərbaycanın digər şəhərlərində məktəbdən evə qayıdan yəhudi uşaqlar təqib edilmirlər. Onlar öz mədəniyyətlərini və həyat tərzlərini Azərbaycanda yaşayan digər xalqlar və dini qruplarla bölüşməyə təşviq olunurlar.

Azərbaycanın İsrail ilə münasibətlərinə toxunan professor sonuncunun neftə olan tələbatının 40 faizdən çoxunun Bakı tərəfindən təmin edildiyini, burada 120-dən çox İsrail şirkətinin fəaliyyət göstərdiyini və digərlərinin də iş qurmaq niyyətində olduğunu diqqətə çatdırıb.

Müəllif sonda qeyd edib ki, yəhudilərin Azərbaycan kimi ən çətin anlarda yanında olan dostlara hər zaman ehtiyacı var.

P.ƏMİRCANOV
XQ

Son xəbərlər