Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
Səfər çərçivəsində Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən "2024 TÜBA və TÜBİTAK Elm Ödülləri Mərasimi"ndə iştirak edib.
Milli Məclisin sədri mərasimdə Türkiyə Prezidenti ilə görüşüb.
***
Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında görüşdən sonra spikerlər mətbuat üçün bəyanatla çıxış ediblər.
Numan Kurtulmuş səfərin parlamentlərarası əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan və Türkiyənin regionda sülh və sabitliyin, inkişafın təmin olunmasına mühüm töhfələrini qeyd edən TBMM sədri, ölkələrimizin liderliyi ilə Türk dünyasının daha da güclənməsi, Türk dövlətləri arasında birliyin möhkəmlənməsi istiqamətində atılan addımları təqdir edib. O, Azərbaycanın bu istiqamətdə atdığı addımları i yüksək qiymətləndirib. N.Kurtulmuş Zəngəzur dəhlizinin açılmasının önəmini vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün sahələrdə hərtərəfli inkişaf etdiyini, böyük nailiyyətlər qazandığını, artıq qlobal miqyasda gedən proseslərə təsir göstərdiyini, sülhə və sabitliyə töhfə verdiyini deyib.O qeyd edib ki, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, qətiyyəti və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə yüksəlib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunverici orqanlarımız arasında əlaqələr hazırda çox yüksək səviyyədədir və müttəfiqlik ruhuna uyğun olaraq bütün istiqamətlər üzrə genişlənməkdədir.
XQ