Vyetnamla statistika anlaşması

post-img

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilə ölkəmizdə səfərdə olan Vyetnamın Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huongun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının böyük məmnunluq doğurduğu qeyd edilib. 

Xalqlarımız arasındakı münasibətlərin təməlinin hələ SSRİ dövründə qoyulduğu xüsusi vurğulanaraq Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın ümummilli lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyəti qeyd olunub. 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşılıqlı səfərlərin əhəmiyyəti nəzərə çatdırılaraq 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfərinin ölkələr arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaratdığı vurğulanıb. 

Milli maraqlara və müasir çağırışlara əsaslanan siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin edən və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirən Azərbaycan ilə Vyetnamın iqtisadi-ticari, mədəni-humanitar, təhsil, turizm, enerji və digər sahələrdə işbirliyinin genişləndirilməsində maraqlı olduqları diqqətə çatdırılaraq müvafiq dövlət qurumları, o cümlədən, Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında əməkdaşlığın önəmi vurğulanıb. 

Hər iki ölkənin statistika sahəsində təcrübəsinin qarşılıqlı maraq doğurduğu qeyd olunaraq müvafiq dövlət qurumlarının fəaliyyəti barədə ətraflı məlumat verilib, islahatlardan və innovasiyaların tətbiqindən bəhs edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında “Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. 

XQ

 

Son xəbərlər