Xəbər verdiyimiz kimi, Orta əsrlərin nadir memarlıq yadigarı Möminə Xatın türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti ilə müqavilə bağlanıb. Bu günlərdə qurumun rəhbəri Erich Pummer və ölkəmizdəki nümayəndəsi Çingiz Neymanzadənin iştirakı ilə Naxçıvanda bərpa layihəsinin müzakirəsi keçirilib.
Sentyabrın sonlarında Möminə Xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün keçirilmiş ilkin baxışa əsasən hazırlanmış planlar və məlumatlar çap və elektron versiyada Naxçıvan MR Mədəniyyət Nazirliyinə təqdim edilib.
Nazir müavini Həsən Seyidov bildirib ki, Möminə Xatın türbəsi UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə ilkin siyahısına daxildir və bərpa zamanı abidənin detallarına xüsusilə diqqət yetirilməli, tarixiliyi qorunub saxlanılmalıdır. Erich Pumer abidənin ilkin formaya uyğun bərpa ediləcəyini və yerli alim və mütəxəssislərin də rəylərinin alınacağını qeyd edib.
Səbuhi HƏSƏNOV
XQ