Dekabrın 13-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik Şurasının ilin yekunlarına dair genişləndirilmiş iclası keçirilib.
BAMF-nin baş ofisində keçirilən görüşdə çıxış edən təşkilatın prezidenti Umud Mirzəyev 2024-cü ildə görülən işlərdən, əldə olunan nəticələrdən və hazırlanma mərhələsində olan illik hesabatdan danışıb. O, ilin əvvəlində qarşıya qoyulan və planlanan fəaliyyətlərin uğurla icra olunduğunu və bütün bunların növbəti ilin yanvar ayında təsdiqlənəcək yekun hesabatda öz əksini tapacağını qeyd edib.
İclasda Albaniyanın Azərbaycanda və Türkiyədəki sabiq səfiri, dövlət xadimi, diplomat Gənci Muçay BAMF-nin beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib. BAMF-nin Himayəçilik Şurasının sədri Çingiz Abdullayev səfirə BAMF-nin rəsmi vəsiqəsini təqdim edib və bu təyinatın milli və beynəlxalq səviyyədə əhəmiyyətindən danışıb. O, cari ilin sonunda qəbul edilən bu qərarın faydalı olacağını xüsusilə qeyd edib.
Qeyd edək ki, Gənci Muçay 2013-2016-cı illərdə Albaniyanın Azərbaycandakı səfiri olub. O paralel olaraq, Albaniyanın Gürcüstan, İran İslam Respublikası, Pakistan İslam Respublikası və Qırğızıstan Respublikasında qeyri-rezident səfiri vəzifələrini də icra edib. Zəngin bioqrafiyaya malik olan sabiq dövlət xadimi son olaraq Albaniya Prezidentinin xarici məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.