İqlim maliyyəsi hədəfinin üç dəfə artırılması çox əhəmiyyətli nailiyyətdir. Bu, hər kəsi tam razı salmasa da, qlobal səviyyədə mühüm irəliləyişdir.
Bu sözləri “GLOBE” təşkilatının baş icraçı direktoru Malini Mehra AZƏRTAC-a verdiyi eksklüziv açıqlamada deyib. O bildirib ki, təşkilat COP29 çərçivəsində çox fəal parlament pavilyonu təşkil edib və qlobal parlament üzvlərinin əsas əlaqə nöqtəsi olub.
Malini Mehra COP29 Sədrliyinin fəal təşəbbüsləri sayəsində tədbirin çox uğurlu keçdiyini deyib və bu nəticələrin gələcəkdə dayanıqlı inkişaf üçün mühüm əsas yaradacağını qeyd edib. Onun sözlərinə görə, COP29 Prezidentliyi çox iddialı bir gündəliyə malik idi və nəticədə bir çox əhəmiyyətli uğurlar və müsbət nəticələr əldə olunub.
COP29-un ən önəmli nailiyyətləri arasında iqlim maliyyəsi hədəfinin üç dəfə artırılması olduğunu qeyd edən Malini Mehra bunu çox əhəmiyyətli nailiyyət adlandırıb. “Bu, qlobal səviyyədə mühüm irəliləyişdir. Bundan əlavə, qlobal karbon bazarları üçün aydın istiqamət müəyyənləşdirildi və Paris İqlim Sazişinin 6-cı bəndi üzrə razılıq əldə edildi. Həmçinin itki və zərərin idarə edilməsi mexanizmi işə salınıb”, - deyə o, qeyd edib.
Malini Mehra vurğulayıb ki, o, COP29-dan əvvəl Bakı İqlim Fəaliyyəti Həftəsində iştirak etmək üçün də Azərbaycan paytaxtında olub, COP29 Sədrliyi tərəfindən COP öncəsi belə genişmiqyaslı bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. Malini Mehra COP29-da əldə edilən nailiyyətlərin gələcək üçün böyük ümid və əsas yaratdığını vurğulayaraq bu nəticələrdən qürur duyduğunu bildirib.
“GLOBE” (Global Legislators Organisation for a Balanced Environment) qlobal miqyasda fəaliyyət göstərən təşkilatdır, əsas məqsədi qanunvericilər arasında iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji idarəetmə sahəsində əməkdaşlığı gücləndirməkdir. 1991-ci ildə təsis olunan GLOBE Legislators dayanıqlı inkişaf üçün idarəetmənin təkmilləşdirilməsinə həsr olunmuş, qeyri-partiya və çoxpartiyalı parlament təşkilatıdır.