Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya muxtar respublikada Dünya Türk Qəhvəsi Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında İğdır–Naxçıvan Qaz Boru Xəttinin tikintisinin cədvələ uyğun olaraq vaxtında tamamlandığını və yaxın zamanda rəsmi açılışının planlaşdırıldığını deyib.
O xatırladıb ki, 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır–Naxçıvan Qaz Boru Xəttinin təməli qoyulub: “Bu ilin sentyabr–oktyabr aylarına qədər qaz kəmərinin tikintisinin tamamlanması nəzərdə tutulurdu və işlər gözlənildiyi vaxtda yekunlaşdı. Beləliklə, artıq Naxçıvana təbii qaz Türkiyə ərazisindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq".
Baş konsul qeyd edib ki, yaxın vaxtlarda Türkiyənin önəmli banklarından biri olan “Ziraat Bankı” da Naxçıvanda fəaliyyətə başlayacaq. Artıq bank filialının lövhəsi yerləşdirilib. Gələn ilin yanvar ayında təmir işləri yekunlaşdıqdan sonra fəaliyyətə başlayacaq. Bu da qədim diyarda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq.
Qeyd edək ki, İğdır–Naxçıvan Qaz Boru Xəttinin inşasına qərar 2020-ci il dekabrın 25-də Ankarada imzalanmış anlaşma memorandumu ilə verilib. İllik ötürmə gücü 730 milyon kubmetr olan bu boru kəməri Naxçıvanın qaz tələbatını tam ödəyəcək. Layihənin Azərbaycan hissəsinin tikintisini Azərbaycan Dövlət Neft Şirkəti, Türkiyə hissəsini isə BOTAŞ şirkəti həyata keçirirdilər.
İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu təxminən 100 kilometr təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdən çoxdur. Kəmərin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında başlanılıb.
Sədərək qazpaylayıcı stansiyası “Revers” tipində qurulub, yəni “mavi yanacağ”ı həm qəbul, həm də ixrac edə bilir. Burada da tamamlanma işləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır.
XQ