Azərbaycan məktəbliləri Qətərin paytaxtı Dohada təşkil olunan Dünya Riyaziyyat Çempionatının (WMTC) final mərhələsində iştirak ediblər.
Azərbaycanın komandalarını təmsil edən 26 şagird 5 kateqoriyada mübarizə aparıb. Komandalardan ikisi “Junior”, ikisi “İntermediate”, biri isə “Advanced” kateqoriyasında öz güclərini sınayıb.
Azərbaycan komandasından Əli Qasımlı qızıl medal, Zeynəb Qasımlı və Nuray Əzimzadə gümüş, Gülər Əzizzadə, Camal Əzizli, Cəsur Əlizadə, Mirkərəm Mirizadə, Abdullah Əzimzadə, Əli Şəfiyev, Amin İsmayılzadə, Samir Məmmədov, Cəfərsadiq Qasımlı, Məltəm İsayeva, Raul İmanlı, Ziyad Hidayətli bürünc medal, Unal Əliyev və Kameilya Purqurban isə fəxri fərman əldə ediblər.
Komanda raundunda isə Azərbaycan şagirdlərindən ibarət “Land of Fire” komandası 1-ci yeri qazanaraq kubok əldə edib. Qaliblərə mükafatları Qətərin təhsil naziri, nəqliyyat naziri və müxtəlif ölkələrin rəsmi səlahiyyətli səfirləri təqdim ediblər. Final mərhələsində 35-dən çox ölkə iştirak edib.
Bolqarıstan, Çin, ABŞ komandaları dünya üzrə ilk yerləri aralarında bölüşüblər.Tədbir “Qatar Airways”, Qətər Təhsil Fondunun və Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib. Qeyd edək ki, Azərbaycan ilk dəfə “Global Olympiad Center”in təşkilatçılığı ilə Dünya Riyaziyyat Çempionatında təmsil olunub.
XQ