Mətbuat Şurasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu – beşinci toplantı keçirilib.
Tədbiri açan MŞ-nin sədri Rəşad Məcid Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə sözügedən layihəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Diqqətə çatdırılıb ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay davam edib. Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri ilə bağlı indiyədək 4 toplantı olub. Bu toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, layihə çərçivəsində aparılmış “Azərbaycan jurnalist təşkilatları barədə tədqiqat”ın nəticələrini şərh edib. Bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazası” beynəlxalq standartlara uyğun hazırlanıb.
Toplantıda çıxış edənlər icra olunan layihənin əhəmiyyətindən söz açıb, Azərbaycanın media məkanına aid bilgilərin, araşdırma materiallarının bir ünvanda toplanmasının vacibliyindən bəhs ediblər.