YAP Sədrinin müavini ICAPP-ın ali məclisində

post-img

Noyabrın 22-də Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyasının açılış mərasimi olub. “Sülh və barışıq axtarışı” mövzusunda keçirilən və 28 ölkədən 49 siyasi partiyanın qatıldığı 12-ci Baş Assambleyada Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da iştirak edib.

Əvvəlcə Kamboca Xalq Partiyasının Prezidenti, ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen ilə nəzakət görüşü keçirilib.

Ev sahibinin xüsusi qonaqlarının təbrik çıxışlarından öncə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Birinci plenar sessiyada çıxış edən Tahir Budaqov qeyd edib ki, plenar sessiya nəinki burada təmsil olunan üzv ölkələr, eləcə də bəşəriyyət üçün olduqca aktual və taleyüklü bir məsələyə həsr olunub. Qeyd edilib ki, yeni çağırışlarla qarşı-qarşıya olduğumuz belə bir mürəkkəb şəraitdə sülh və barışıq axtarışı mütləq zərurətə çevrilib.

T.Budaqov vurğulayıb ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Onun sözlərinə görə, tolerantlıq ənənəsini və multikultural dəyərləri qoruyub yaşadan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir.

Sülh və barışığın Cənubi Qafqazda yeni nizam və geosiyasi konfiqurasiyanın formalaşması baxımından olduqca əhəmiyyətli olduğunu bildirən Tahir Budaqov bunun həm bölgə xalqları və dövlətləri, həm də yeni reallıqlar fonunda tərəfdaşlıqda maraqlı olan ölkələr üçün tarixi şans və strateji fürsət olmaqla bərabər, rifah, inkişaf və parlaq perspektivlər vəd etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, sülh və barışıq üçün birgə müzakirələrə və dialoqa ehtiyac duyulduğu indiki şəraitdə siyasi partiyaların da üzərinə böyük məsuliyyət və önəmli vəzifələr düşür.

XQ

Son xəbərlər