Azərbaycan–İtaliya parlamentlərarası yaşıl əməkdaşlığı müzakirə edilib

post-img

Noyabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İtaliya parlamentinin nümayəndə heyəti ilə görüşüblər.

Bildirilib ki, komitə sədri Sadiq Qurbanov qonaqların Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) iştirakını yüksək qiymətləndirib.

Belə mötəbər iqlim sammitinin Bakıda keçirilməsindən bəhs edən komitə sədri Azərbaycanın ətraf mühit problemlərinə həssaslıqla yanaşdığını diqqətə çatdırıb, ölkəmizin həyata keçirdiyi yaşıl enerji və yaşıl texnologiya layihələri barədə qonaqlara məlumat verib, Azərbaycanın Avropaya yaşıl enerji tədarükü ilə bağlı niyyətlərindən danışıb.

İtaliya Deputatlar Palatasının Ekologiya komitəsinin sədri Mauro Rotelli COP29 kimi tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycana minnətdarlığını bildirib, tədbirin yekunlarının hər kəs üçün faydalı olacağını söyləyib.

Görüş iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl enerjiyə keçid kimi sahələrdə parlamentlərarası əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam etdirilib.

Son xəbərlər