Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 6-da Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.
Sahibə Qafarova Dünya dini liderlərinin qlobal Bakı Sammitinin çox aktual məsələlərin müzakirə edildiyi mühüm bir platforma olduğunu söyləyib.
O, diqqətə çatdırıb ki, Azərbaycanda multikulturalizmin, tolerantlığın və dinlərarası dialoqun təşviqi həmişə xalqımızın həyat tərzi və dövlət siyasəti olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, bütün dünyada tolerantlıq, multikulturalizm, qarşılıqlı anlaşma kimi humanist dəyərləri təbliğ edir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə parlament konfransı keçiriləcək. Bu konfransın da aktual məsələlərin müzakirəsi baxımından mühüm bir fürsət olacağına əminlik ifadə edilib.
Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan Dini Liderlərin Qlobal Sammitinin yüksək səviyyədə təşkilinə və onun Azərbaycana səfərinə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
XQ