AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb

post-img

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər rayonunda yerləşən “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb. Açılış mərasimində hökumət nümayəndələri, Milli Məclisin deputatları, AHİK-in və üzv təşkilatların rəhbərləri iştirak ediblər.

Öncə fizioterapiya mərkəzinə baxış olub. Məlumat verilib ki, mərkəzdə 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də burada ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb.
Tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov işçilərin istirahəti və müalicəsinin təşkilinin, məzuniyyət dövrünün daha səmərəli keçirilməsi üçün şəraitin yaradılmasının həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, hazırda konfederasiya tərəfindən ittifaq üzvlərinin rahat istirahəti üçün müasir və effektiv beynəlxalq təcrübənin tətbiqi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.

İşin keyfiyyətinin artırılması istiqamətində həmkarlar ittifaqları sistemində struktur dəyişikliklərinin aparıldığını qeyd edən AHİK sədri vurğulayıb ki, əlçatanlıq, heç kimin kənarda qalmaması, inklüzivlik, bərabər imkanlar, fəaliyyətin qiymətləndirilməsi yeni mərhələdə bizim əsas prinsiplərimizdir: “Bir sözlə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, biz dövlət orqanları və işəgötürənlərlə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı naminə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Xəzər rayonundan Milli Məclisə deputat seçilən Soltan Məmmədov, tibb elmləri doktoru Nailə Məmmədova çıxış edərək, sağlamlığa xidmət edən bu cür mərkəzlərin yaradılmasının vətəndaşlarımıza olan qayğının, ölkəmizin inkişafının təcəssümü olduğunu bildirib, həmkarlar ittifaqları digər funksiyaları kimi, üzvlərinin istirahətinin təşkilinə və sağlamlığının qorunmasına da həssaslıqla yanaşdığını diqqətə çatdırıblar.

XQ

Son xəbərlər