Oktyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüş keçirib.
Görüşdə ölkəmizin qardaş və dost müsəlman ölkələri ilə əlaqələrinin daha da genişlənməsinin əhəmiyyəti, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik prosesi, noyabr ayında keçiriləcək iclasa hazırlıq məsələləri, postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivlərindən, digər regional təhlükəsizlik məsələlərindən ətraflı bəhs olunub.
Nazir Ceyhun Bayramov çıxışında ölkəmizin qardaş müsəlman ölkələri ilə dərin münasibətlərinin əsas prioritetlərdən olduğunu vurğulayıb. Yaxın Şərqdə genişlənən münaqişənin qəbuledilməzliyi,
İsrail–Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və “iki dövlət” prinsipi əsasında həllinin vacibliyi qeyd olunub.
Görüşdə ölkəmizin COP29 Sədrliyi, əsas baxış və prioritetləri, bir sıra istiqamətlər, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, Paris Sazişinin 6-cı maddəsi, adaptasiya, təsirlərin yumşaldılması, İkiillik Şəffaflıq Hesabatları (BTR), Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC), habelə Sədrliyin fəaliyyət planı barədə ətraflı məlumat verilib.
Qeyd edilən istiqamətlərdə aparılan danışıqlar prosesində əhəmiyyətli irəliləyişin məmnunluq doğurduğu bildirilib. Noyabrın 11-dən 22-dək keçiriləcək konfrans zamanı, ümumilikdə, müxtəlif aidiyyəti mövzular üzrə 60-a yaxın sənədin qəbulunun planlaşdırıldığı qeyd olunub. Görüşdə iştirak edən dost və qardaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edilib.
Azərbaycan–Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov ikitərəfli sülh danışıqlarının və prosesinin irəlilədilməsi istiqamətində Azərbaycanın ən çox səy göstərən tərəf olduğunu diqqətə çatdırıb.
Nəticə etibarilə, bu günədək sülh prosesində əhəmiyyətli tərəqqi əldə edildiyi, xüsusilə delimitasiya məsələləri ilə bağlı sərhədin müəyyən bölməsi üzrə razılığın əldə olunduğu və sülh müqaviləsi üzrə bir çox müddəaların razılaşdırıldığı bildirilib. Bununla yanaşı, sazişin yerdə qalan müddəaları üzrə Nyu-York və İstanbulda ətraflı müzakirələr aparıldığı diqqətə çatdırılıb.
Bununla belə, Ermənistanın konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn ərazi iddialarının davam etdirilməsinin dayanıqlı sülh quruculuğu istiqamətində səylərə təhdid olduğu qeyd edilib. Bölgədə eskalasiyaya səbəb ola biləcək Ermənistanın hərbiləşmə kimi addımlardan çəkinməsinin vacibliyi də vurğulanıb.
Prezidentin köməkçisi Hikmət Hacıyev İslam həmrəyliyinə verilən əhəmiyyətə diqqət çəkərək, ölkələrimiz arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası daxil olmaqla çoxtərəfli əməkdaşlığa verilən önəmi vurğulayıb.
COP29 çərçivəsində ölkəmizin hazırlıq işlərindən danışan Hikmət Hacıyev Sədrliyin “Qlobal Cənub” və “Qlobal Şimal” ölkələri arasında iqlim dəyişikliyi məsələləri üzrə vacib platforma yaratmaq məqsədi daşıdığını bildirib.
Azərbaycan tərəfindən aparılan genişmiqyaslı işlərin müxtəlif əsassız məsələlərlə hədəf alınmasına cəhd göstərildiyi, qəbuledilməz şəkildə Azərbaycan–Ermənistan normallaşma prosesinin, “Azərbaycanın neft ölkəsi olması” məsələsinin, eləcə də insan hüquqları kimi bəhanələrin COP gündəliyinə daxil edilməsinə çalışıldığı qeyd olunub. Bu yanaşmanın qəbuledilməz olduğu, bu sahələrin ölkəmizin digər platformalarda müzakirəsinə daim hazır olduğu vurğulanıb.
Azərbaycanın Ermənistanla sülh prosesinə sadiq olduğu, bununla yanaşı, Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişinin məqbul olmadığı vurğulanıb. Sülh sazişi üzrə yerdə qalan müddəaların razılaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Bununla yanaşı, bölgədə Ermənistanın hərbiləşməsinin təhdid mənbəyi olduğu qeyd edilib.
Görüş sual-cavab sessiyası ilə davam etdirilib.
XQ