Alimlərimiz Daşkənddə təhsil konfransında

post-img

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Müasir təhsil və mənəvi-əxlaqi tərbiyənin aktual problemləri: beynəlxalq təcrübə və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Universitetin prorektoru, professor Firuzə İkramxanova qonaqları və iştirakçıları salamlayaraq konfransın önəmindən söz açıb.

Elmi məclisdə Azərbaycan, Fransa, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan alimləri, tədqiqatçılar, aspirantlar “Şərq və Qərb mütəfəkkirlərinin təlim və tərbiyə haqqında pedaqoji fikirləri”, “Təhsil prosesi zamanı şagird və tələbələrdə mənəvi-əxlaqi keyfiyyətlərin formalaşması”, “Beynəlxalq təhsil sistemi və mənəvi-əxlaqi tərbiyə təcrübələri”, “Şagird və tələbələrin mənəvi-əxlaqi keyfiyyətlərinin formalaşmasında ailə, cəmiyyət, təhsil müəssisələrinin rolu: problemlər və həlli yolları”, “Təhsil islahatları və mənəvi-əxlaqi tərbiyəyə innovativ yanaşma” mövzularında çıxış ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “Təhsil sahəsində əməkdaşlıq və perspektivlər” mövzusunda çıxış edib. O çalışdığı universitetin Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlıq qurmasının önəmindən də söz açıb.

Sonda konfrans iştirakçıları təhsil müəssisələrindəki təlim-tərbiyə üsulları, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, düzgün pedaqoji təcrübələr barədə fikir mübadiləsi aparıblar.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Son xəbərlər