21 oktyabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV Hesabat-Seçki konfransı baş tutub.
Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AKTİ-yə üzv təşkilatların rəhbərlərinin, katibliyin, media nümayəndələrinin, bir sıra rəsmi qonaqların və Azərbaycan Könüllülərinin iştirakı ilə həyata keçirilən konfransda İttifaqın ötən illərə dair yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikasının Gənclər Fondunun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov İttifaqın ölkəmizdəki könüllülük hərəkatındakı rolunu, könüllülük hərəkatının Azərbaycanda güclü bir qüvvəyə çevrildiyini vurğulayıblar. Eyni zamanda, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində könüllülüyün günümüzdəki inkişaf səviyyəsinə çatması, Azərbaycanda geniş vüsət almış könüllülük fəaliyyətinin aparıcı gücünün məhz gənclər olması qeyd edilib.
Hesabat-Seçki konfransında AKTİ-nin sədri Yusif Vəliyev sədrlik etdiyi dövr ərzində fəaliyyətini əks etdirən hesabatla çıxış edib.
Yusif Vəliyev könüllülərin ölkənin müxtəlif sahələrində – sosial, iqtisadi, mədəni və ekoloji sahələrdə oynadığı mühüm rol oynadığını, o cümlədən gənclərin cəmiyyətin inkişafına verdiyi töhfəni və könüllülərin sosial problemlərin həllində fəal iştirak etdiyini qeyd edib.
Daha sonra göstərdikləri uğurlu fəaliyyətə görə İttifaqa üzv olan təşkilatların rəhbərlərinin mükafatlandırma mərasimi həyata keçirilib.
AKTİ sədrinin hesabatı dinlənildikdən sonra üzv təşkilatların iştirakı ilə növbəti il ərzində İdarə Heyəti və sədr olaraq təmsil olunacaq namizədlərin seçkisi baş tutub.
Keçirilən səsvermənin nəticələrinə uyğun olaraq namizədliyi irəli sürülən Vüqar Əliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni sədri seçilib. Eyni zamanda, növbəti illər ərzində İdarə Heyətinin sədr müavini olacaq namizədlərin də seçkisi keçirilmişdir. Müvafiq olaraq, AKTİ-nin sədr müavinliyinə isə “Ekokönüllülər” qrupunun rəhbəri Səyyarə Məmmədova və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova seçiliblər.
Çıxış edən Vüqar Əliyev göstərilən etimada görə İttifaq üzvlərinə təşəkkürünü bildirib, bundan sonra könüllülüyün hərtərəfli inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.