Aşpazlıq üzrə pilot tədris qrupunun "Məzun günü" keçirilib

post-img

Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və  “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin "Məzun günü" keçirilib.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutan mərasimdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və “CASA Baku” Kulinariya Məktəbinin nümayəndələri iştirak ediblər. 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qastroturizmin inkişafının ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, milli mətbəx nümunələrimizin qorunması, Azərbaycanın qastronomiya destinasiyası kimi dünyada təbliği istiqamətində genişmiqyaslı işlər görüldüyünü bildirib: 

“Dövlət Turizm Agentliyi tərəfindən milli mətbəx nümunələri pasportlaşdırılıb, ölkənin biomüxtəliflik potensialı aqro-qastro turizm marşrutlarına qazandırılıb. Bundan əlavə, peşəkar kulinarların yetişdirilməsi, gənc aşpazların inkişafı və ixtisaslaşması dəstəklənib. Aşpazlar üçün pilot tədris qrupunun yaradılması da bu qəbildən olan layihələrdəndir. Bu proqram gənc aşpazların peşəkar inkişafı üçün əvəzsiz təcrübədir”. 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov ölkəmizdə peşəkar kulinarların yetişdirilməsi, Azərbaycanın zəngin mətbəxinin dünyaya tanıdılması baxımından bu proqramın böyük əhəmiyyət daşıdığını vurğulayıb. C.Kərəmov pilot qrupun məzunlarını təbrik edərək onlara gələcək karyeralarında, ikinci pilot layihənin iştirakçılarına isə təhsil uğurları arzulayıb. 

Sonra aşpazlıq üzrə bir illik tədris proqramını əks etdirən videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycanda indiyədək aşpazlıq ixtisası üzrə ali səviyyədə təhsil pilləsi olmadığına görə, Dövlət Turizm Agentliyi tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və “CASA Baku” Kulinariya Məktəbinin birgə əməkdaşlığı ilə pilot qrup yaradılıb. Layihə çərçivəsində xüsusi bacarıqları olan 18 tələbə “Aşpazlıq” ixtisası üzrə peşə təhsili alıb. Tədris prosesinə “CASA Baku” Kulinariya Məktəbinin mütəxəssisləri, eyni zamanda digər yerli və xarici mütəxəssislər də cəlb edilib. 

Tələbələrə nəzəri və təcrübi dərslər keçirilməklə yanaşı, onların yerli və beynəlxalq yarışlarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunub. Gənc aşpazlar CASA Culinary Cup və Qızıl Şah Milli Çempionatında yüksək nəticələr əldə ediblər. Tələbələr həm Özbəkistanın Daşkənd şəhərində keçirilən “Azərbaycan Mədəniyyət Günləri”ndə, həm də  Qərbi Azərbaycanın Kulinariya gününün təşkilində də yaxından iştirak ediblər. 

Tədris zamanı tələbələrə beynəlxalq sertifikatlı müəllimlər tərəfindən ingilis dili tədris edilib. Proqram çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını və regional mətbəx incilərini əyani şəkildə təcrübə edilməsi məqsədilə tələbələr ölkə üzrə səyahət proqramlarında iştirak ediblər. Tələbələr Bakı Turizm Peşə Məktəbi tərəfindən keçirilən dövlət imtahanı və “City and Guilds” beynəlxalq proqramı imtahanından uğurlu nəticələr əldə edərək tədris prosesini başa vurublar. 

Mərasimdə birinci pilot qrupun 18 məzununa diplomlar təqdim olunub. Onlar ikinci pilot qrupun üzvlərinə aşpaz formalarını ötürüblər. Gələcəkdə Azərbaycanda aşpazlıq ixtisası üzrə ali təhsil müəssisələrində fakültə yaradılmasının  planlaşdırıldığı da bildirilib. 

Tədbirdə pilot qrupunun məzunları tərəfindən hazırlanmış şam yeməyi menyusu modern üslubda qonaqlara təqdim edilib. 

Qeyd edək ki, "CASA" Baku" Kulinariya məktəbi Azərbaycanda "Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi" tərəfindən akkreditasiya olunmuş yeganə təhsil müəssisəsidir. Məktəbin təhsil proqramları London İnstitutunun "City & Guilds" Beynəlxalq Təşkilatı və Dünya Aşpazlar Assosiasiyası tərəfindən akkreditə olunub ki, bu da məzunların təkcə Azərbaycanda deyil, beynəlxalq bazarlarda da işlə təmin olunmasına şərait yaradır.

Son xəbərlər