Təbrizdə nəşr olunan “Tribun Tabriz” qəzetində 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə həsr olunmuş geniş məqalə dərc olunub.
Məqalədə milli dövlət quruculuğunun, öz ölkəsinin təhlükəsizliyini qorumağın hər bir xalqın beynəlxalq müstəvidə tanınan haqqı və hüququ olduğu vurğulanır. Diqqətə çatdırılır ki, əsrlər boyu yaratdığı dövlətlərlə dünya iqtisadiyyatının və mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş Azərbaycan xalqı ötən əsrin əvvəllərində yeni dünya düzəninə demokratik cümhuriyyət bəxş etdi. Lakin təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti təsis ediləndən bəri xarici irticanın təhdidləri ilə üz-üzə qaldı. Bu prosesdə erməni silahlı quldur birləşmələrindən istifadə olunması Cümhuriyyət hökuməti üçün başlıca problemə çevrildi. XX əsrin sonunda Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə də erməni quldurları yenidən Azərbaycana qarşı təcavüzə başladılar. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanmasının əsl səbəbi də məhz təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməməsi olub”.
Məqalədə qeyd olunub: “Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən hər il qəhrəman şəhidlərin xatirəsi anılır. Müasir, azad və demokratik Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi hər zaman ehtiramla yad edilir.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə müasir dünyanın hərb tarixinə qızıl hərflərlə yazılıb”, - deyə yazıda vurğulanıb. Müəllif, həmçinin böyük Zəfərlə başa çatan Vətən müharibəsinin xronologiyasını oxuculara təqdim edib.
Məqalədə bildirilib ki, məkrli düşmən 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyib və 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribat və terror hücumları törədib. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi, eləcə də törədilən fasiləsiz silahlı diversiya təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı başladıb və cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları təslim olublar. 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb, beləliklə, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilib. Azərbaycan öz dövlət suverenliyini tam təmin edib və Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli müvafiq sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü elan olunub.