Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi və Azərbaycan Medianın İnkişafı Agentliyi ilə birgə Daşkənddə “Rəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizə” mövzusunda birinci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib.
Tədbir 2023-cü ilin yayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”nə uyğun olaraq baş tutub.
Media Foruma Azərbaycandan gələn böyük nümayəndə heyəti qatılıb.
Onların arasında Azərbaycan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov, Mətbuat Şurasının sədri Rəşad Məcid, AZƏRTAC -ın İdarə Heyətinin sədri Vüqar Əliyev, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, “Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşov, İctimai TV Televiziya kanalının Baş direktoru Balakişi Qasımov, Azərbaycan və Özbəkistan telekanallarının və informasiya agentliklərinin rəhbərləri və nümayəndələri olub.
Media Forumun açılışında çıxış edən Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov ölkələrimiz arasında media sahəsində əlaqələrin inkişafından danışıb, əməkdaşlığın və dialoqun bundan sonra da davam etdirilməsi vacibliyinə toxunub.
Azərbaycan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media qurumları sahəsində əməkdaşlığın yaradılması və daha da inkişaf etdirilməsi, kommunikasıya istiqamətində əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması haqqında söhbət açıb.
Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov medai sahəsində informasiya mübadiləsinin aparılması, mətbuatda dəqiqləşdirilməyən informasiyaların verilməsi, yalan məlumatlarıın tirajlanması, onların qarşısının alınması məsələlərindən danışıb.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev forumun əhəmiyyətindən söhbət açıb, bu il mayın 22-dən 24-dək Şuşada keçirilən İkinci Qlobal Media Forumda qarşıya qoyulan məsələlər haqqında məlumat verib. Səfir deyib ki, 44 günlük Vətən müharibəsi zamanı dünya kütləvi informasiya vasitələrində ölkəmizin işğala məruz qalması və Azərbaycana qarşı təcavüz təhrif olunmuş şəkildə işıqlandırılıb, yalan məlumatlar verilib. O deyib:”Torpaqlarımızın 20 faizi 30 il işğalda qalan müddətdə və 44 günlük Vətən müharibəsi zamanı da biz saysız-hesabsız yalan məlumatlarla üz-üzə qalmışıq”.
Media Forumun sessiyalarında “Dezinformasiyaya qarşı mübarizədə qabaqcıl beynəlxalq təcrübələr”, “Dövlət və qeyri-dövlət media təşkilatlarının Özbəkistan və Azərbaycan əhalisinin media savadlılığının artırılmasında rolu” və “Özbəkistan ilə Azərbaycan arasında kütləvi informasiya və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzularında keçirilən müzakirələrdə Azərbaycanın və Özbəkistanın dövlət strukturlarının nümayəndələri, televiziya kanallarının və informasiya agentliklərinin rəhbərləri adı çəkilən mövzularda müzakirələr aparıblar.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd