Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq

post-img

Moskva Cümə məscidində “Qalimcan Barudi adına mütaliələr” XVII Beynəlxalq teoloji elmi-maarifləndirici konfrans keçirilib. Konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov imzalayıblar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, memoranduma əsasən  Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Həmçinin, tərəflər arasında multikulturalizm və dini tolerantlıq mövzularında birgə layihələr həyata keçiriləcək. Birgə təşkil olunan seminarlar, konfranslar və müzakirələr “Azərbaycan multikulturalizmi” kursunu keçənlərə müasir dini və sosial məsələlərə dair biliklərini artırmağa kömək edəcək. Qarşılıqlı təcrübə mübadiləsi, hər iki qurum üçün faydalı olacaq.

Kursun iştirakçıları arasından seçilən tələbələr üçün təlimlər təşkil olunacaq. Eyni zamanda, həmin tələbələrin Azərbaycandakı multikultural mühitlə yaxından tanış olmaları üçün Mərkəzin Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi çərşivəsində ölkəmizə səfəri təşkil ediləcək.

Qeyd edək ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov sentyabr ayının 20-22-də Moskva şəhərində keçirilən XX Beynəlxalq Müsəlman Forumunda iştirak edir. Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin 30, İdarənin sədri müfti şeyx Ravil Qaynutdinin xidmətdə olmasının 40 illiyinə həsr olunan Forum çərçivəsində  işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Son xəbərlər