Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə Qazaxıstanda keçirilən “Sonsuz qardaşlıq - III” çoxmillətli təlimi başa çatıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 400 nəfərdən çox heyət üzvünün iştirak etdiyi təlimin bağlanış mərasimi Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilib.
Tədbirdə təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib.
Qeyd olunub ki, plana əsasən, sərhədi pozan şərti qanunsuz silahlı birləşmənin qarşısının alınması və zərərsizləşdirilməsi, hakim yüksəkliklərin ələ keçirilməsi, pilotsuz uçuş aparatlarının radioelektron mübarizə vasitələrindən istifadə etməklə sıradan çıxarılması, eləcə də dron hücumundan qorunma məqsədilə hava kəşfiyyatının aparılması və digər tapşırıqlar xüsusi təyinatlılar tərəfindən məharətlə yerinə yetirilib.
Sonda təlimdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim edilib.
Q. KAZIMOV
XQ