“30 il sonra müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək parlament seçkilərinin keçirilməsi qürurvericidir. Xoşbəxt insanlarıq ki, Azərbaycanın həyatında əhəmiyyətli rol oynayan belə mühüm siyasi hadisələrin, zəfərlərin şahidi oluruq. Əminəm ki, parlament seçkiləri demokratik inkişaf tariximizə yeni uğur səhifəsini yazacaq”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov deyib. Bəstəkar qeyd edib ki, ölkəmizin digər ərazilərində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda parlament seçkilərinin keçirilməsi bütün xalqımızı sevindirir: “Arzularımız çin oldu. 30 il həsrətini çəkdiyimiz torpaqlarda bu gün üçrəngli Bayrağımız dalğalanır. Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı, Azərbaycan musiqisinin məbədi olan Şuşada, qədim yurd yerlərimiz Xankəndidə, Ağdamda, Kəlbəcərdə, Füzulidə, eləcə də işğaldan azad olunmuş digər ərazilərdə elm, mədəniyyət, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsini necə həsrətlə gözləmişdik... Bu, böyük sevincdir, böyük qürurdur.”