Multikulturalizm Mərkəzinin icraçı direktoru G20 Dinlərarası Forumunda iştirak edib

post-img

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov avqustun 19-22-də Braziliya Federativ Respublikasında keçirilən G20 Dinlərarası Forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunub.  Mərkəzin Mərbuat xidmətindən XQ-ə verilən məlumata əsasən, Azərbaycan Nümayəndə heyətində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yer alıblar.

Rəvan Həsənov “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusuna həsr olunan Forumun açılış mərasimində və panel müzakirələrində iştirak edib. Dini sahədə qlobal məsələlərin müzakirə olunduğu Forumun gündəliyi dayanıqlı inkişaf, yoxsulluq və bərabərsizliklə mübarizə, qlobal idarəetmə islahatları, münaqişələrin həlli, qlobal iqtisadi məsələlər, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı mövzuları əhatə edib. Forumda Rəvan Həsənovun məruzəsi “Dini savadlılığın araşdırılması” panelinin gündəliyinə daxil edilib.

Rəvan Həsənov Forum çərçivəsində Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvü ağsaqqal Ahmed Salem Korbitt, G20 Dinlərarası Forumunun Prezidenti professor Kole Durhamla görüşüb. Görüşlərdə Azərbaycanın multikulturalizm siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Rəvan Həsənov Forum çərçivəsində G20 kanalına da müsahibə verib.

Qeyd edək ki, 2014-cü ildən etibarən hər il keçirilən G20 Dinlərarası Forumu dini məsələlərlə məşğul olan qurumlara və tədqiqat institutları şəbəkəsinə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirə platforması təqdim edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərarası Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 







Son xəbərlər