Avqustun 8-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərdə YAP tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin və partiyanın yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə YAP-ın ölkə üzrə 125 seçki dairəsindən irəli sürdüyü bütün namizədlərin qeydə alındığı vurğulanaraq, onlara bundan sonrakı mərhələdə uğurlar arzulanıb. Bildirilib ki, 125 nəfər xüsusi icazəli müşahidəçi səsvermə gününədək dairə seçki komissiyalarının, 1 nəfər isə Mərkəzi Seçki Komissiyasının iclaslarını müşahidə edəcək, 817 nəfər Azərbaycan Respublikasının bütün seçki dairələrində, 12686 nəfər məntəqə seçki komissiyalarında səsvermə günü müşahidə aparacaq. Bununla yanaşı, 1 nəfər Mərkəzi Seçki Komissiyası üzrə məşvərətçi səs hüquqlu üzv, 6468 nəfər isə dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlər təyin olunub.
Avqustun 9-dan başlayacaq seçkiqabağı təşviqat mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılıb, həmçinin partiyanın seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığı vurğulanıb.
Diqqətə çatdırılıb ki, YAP 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiya kimi İctimai Televiziya və Radio Yayımları Şirkəti və MSK tərəfindən müəyyən olunmuş mətbu orqanlar vasitəsilə ödənişsiz seçkiqabağı təşviqat aparmaq hüququna malik olsa da, demokratik prinsipləri rəhbər tutaraq, seçkiqabağı təşviqat mərhələsində digər partiya nümayəndələri və bitərəf namizədlərlə bərabər şərtlərdə rəqabətin aparılması məqsədilə bu imtiyazdan istifadə etməmək barədə qərar qəbul edib.
XQ