Seçki xəbərləri

post-img

881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 3-də keçirilən iclasında bildirib.

Deputatlığa namizədliyi irəli sürülənlərdən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib. İndiyə qədər 1191 nəfər imza vərəqələrini qaytarıb, 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

99 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

MSK-nın iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı da açıqlanıb. Komissiyanın sədri Məzahir Pənahov bildirib ki, müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 14 min 506 yerli müşahidəçi akkreditasiyadan keçib.

Onlardan 5477 nəfəri Mərkəzi Seçki Komissiyasında, 9029-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov vurğulayıb ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 8 beynəlxalq qurumdan və 26 ölkədən 99 müşahidəçi qeydə alınıb. Bunlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 40 nəfər, MDB Parlamentlərarası Assambleyasından 36 nəfər, Müstəqil Dövlətlər Birliyindən 14 nəfər, Maldiv Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Pakistan Mərkəzi Seçki Komissiyasından 2, Qazaxıstan Mərkəzi Seçki Komissiyasından 1, Monteneqro Seçki Komissiyasından isə 1 nəfərdir.

Yerli müşahidəçilər – 14506 nəfər

Seçkilərlə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayına gəldikdə isə bildirilib ki, indiyə qədər, ümumilikdə, 14506 nəfər yerli müşahidəçi qeydiyyata alınıb. Onların 5477-si MSK-da, 9029-u dairə seçki komissiyalarında akkreditasiyadan keçib. 

Səxavət HƏMİD
XQ

 

Son xəbərlər