Gözdə Dizdar: Azərbaycan qarşıdan gələn hər iki kampaniyanı uğurla başa çatdıracaq

post-img

Dəfələrlə Bakıda beynəlxalq tədbirlərdə, humanitar forumlarda iştirak etmişəm. Onu deyə bilərəm ki, Azərbaycan hər gəlişimdə daha fərqli, daha çox inkişaf etmiş formada qarşıma çıxıb. Seçki proseslərini bir neçə dəfə izləmişəm. Bundan əvvəlki seçkilərdə biz beynəlxalq müşahidəçilər qrupu ilə məntəqələrdə olmuş və doğrusu, heç bir nöqsan aşkar etməmişdik. Dövlətiniz də seçki üçün lazım olan hər şəraiti yaratmışdı. Güman ki, qarşıdakı seçkilərdə Bakıda olacağam... 

Bu fikirləri XQ-yə Asiya Siyasi Parti­yalarının Beynəlxalq Konfransının (ICAP) Prezident müşaviri, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözdə Dizdar bildirib. O qeyd edib ki, Azərbay­canda sentyabrın 1-də keçiriləcək parla­ment seçkilərinə hazırlığı yaxından izləyir: “Əlbəttə, Milli Məclis Türkiyədə də, elə qardaş Azərbaycanda da dövlətin idarə olunmasında mühüm yer tutan orqandır. Ona görə də belə bir strateji və mühüm quruma seçkilər də öz ciddiliyi, kütləvi maraqlılığı ilə fərqlənməlidir. Çünki bu, önəmli siyasi prosesdir. Hesab edirəm ki, Azərbaycanda keçiriləcək seçkilər də kütləvilik baxımından maraqlı olacaq və əhalinin əhəmiyyətli hissəsini özünə cəlb edəcək. Görürəm ki, Azərbaycan dövləti seçkilərin demokratik şərt və prinsiplərə uyğun ədalətli keçirilməsi üçün əlindən gələni edir. Tək paytaxt Bakıda deyil, ucqar regionlarda da seçkilər üçün yaxşı şərait yaradılıb”– deyə Dizdar bildirib.

Təşkilat sədri qeyd edib ki, bu il həm də işğaldan azad edilən Qarabağ torpaq­larında da seçkilər keçiriləcək: “Səhv et­mirəmsə, bu, müstəqilliyin bərpasından sonra ilk parlament seçkisidir. Bu, çox önəmli siyasi hadisədir. Hətta deyərdim ta­rixi hadisədir. Parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi, seçici fəallığının artırılması üçün bütün imkanlar yaradılır. Son illər ölkənizdə keçirilən seçkilərin in­sidentsiz və seçkinin nəticəsinə təsir edə­cək ciddi qanun pozuntusu olmadan başa çatması beynəlxalq aləmdə də etiraf olu­nur. Budəfəki seçkilərdə də bu ənənənin davam etdiriləcəyinə inanıram”. 

G.Dizdar daha sonra əlavə edib ki, bu il Azərbaycan möhtəşəm, dünya sə­viyyəli bir tədbirə – COP29-a evsahibliyi edəcək. Bu gün bəşəriyyəti ciddi narahat edən iqlim və ekoloji problemlərin həlli yolları məhz Bakıda çözüləcək. 80 minə yaxın insan Bakıya gələcək. Bu çox böyük rəqəmdir. Ard-arda iki böyük siyasi prose­si təşkil etmək, uğurla başa çatdırmaq hər dövlətə müyəssər olan avantaj deyil. Bu, Azərbaycan dövlətinin yüksək təşkilatçılıq ənənələrinin olmasını sübut edir. Azərbay­canın qarşıdan gələn hər iki mötəbər siyasi prosesi uğurla başa çatdıracağına əminik. 

Anar TURAN
XQ

Son xəbərlər