Qazaxın Qızılhacılı kəndində mina partlayışı baş verib, ANAMA-nın əməkdaşları və DSX-nin hərbi qulluqçusu xəsarət alıb

post-img

Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı hadisəsi baş verib. Bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu il aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.

Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyələrindən xəsarət alıblar.

Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.

Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur.

Hazırda Şəmkir Hərbi Prokurorluğunun və Qazax Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

Son xəbərlər