“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabatın təqdimatı keçirilib.
Təqdimatı müəllif Karlayl Korbin və Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ediblər. A.Abbasov çıxışında Fransanın müstəmləkəçilik siyasətinin Bakı Təşəbbüs Qrupunun səyləri nəticəsində beynəlxalq ictimaiyyətə çatdırıldığını qeyd edib. Niderland koloniyasının da dəstək verdiklərini vurğulayan icraçı direktor bildirib ki, təkcə beynəlxalq arenada keçirilən tədbirlərdə yox, bu cür tədqiqatların təqdim edilməsi də müstəmləkəçiliyə son qoya bilər.
BMT-nin tanınmış eksperti Karlayl Korbin müstəmləkəçilikdən əziyyət çəkən xalqların mövcud imkanlardan məlumatsız olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, mübarizəni yalnız BMT-nin siyahısında olan ərazilərdə aparmaq mümkündür. Məsələn, siyahıya daxil olmayan Fransa Polineziyasının əhalisi Sakit okeanda baş verən hadisələrdən xəbərsizdir. Xalqı məlumatlandırmaq lazımdır. Azərbaycan bu işdə bizə çox kömək olur. Müstəmləkəçilik probleminin gündəmdə qalmasına Azərbaycanın kömək etdiyini deyən K.Korbin ölkəmizin çox güclü tərəfdaş olduğunu vurğulayıb.
Qeyd olunub ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin əsasında Fransa Prezidenti Emmanuel Makronun aborigen əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz kolonial siyasətini zorla irəlilətmək istəyi olub. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrinin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd edilir, bunun beynəlxalq ictimaiyyəti yerli Kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanır.
XQ