Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə media nümayəndələri üçün SOCAR-ın “Eko park”ında media-tur və SOCAR-ın “yaşıl enerji” gündəliyi barədə məlumatlandırma sessiyası təşkil olunub.
“Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və Milli Mətbuat Günü münasibətilə təşkil olunan tədbirdə əvvəlcə media nümayəndələri “Eko park”ın ərazisində görülən işlər barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, vaxtilə burada mövcud olmuş neft mədəni fəaliyyətini dayandırdıqdan sonra ərazi uzun illər baxımsız vəziyyətdə qalıb. 2008-ci ildə Dövlət Neft Şirkəti tərəfindən ərazinin təmizlənərək yerində park salınması qərara alınıb. Beləliklə, neftlə çirklənmiş bu ərazilər müxtəlif radioaktiv tullantılardan təmizlənərək hazırkı vəziyyətə gətirilib. İndi isə bu ərazilər əsl cənnəti xatırladır.
Bildirildi ki, 20 hektardan artıq ərazidə yerləşən park şərti olaraq üç hissəyə bölünür: açıq şitilxana, qapalı istixana və park ərazisi. Parkın istehsalat ərazisində alternativ enerji istehsal edən qurğular quraşdırılıb. Buradakı külək generatorları, su dəyirmanları və günəş panellərindən alınan təmiz enerjidən, əsasən, gecə saatlarında parkın işıqlandırılmasında istifadə olunur. Bununla yanaşı, ofisin və ekomərkəzin kondisioner və peçləri istisna olmaqla enerji təchizatı da bu qurğulardan alınan enerji hesabına həyata keçirir.
Qeyd olundu ki, parkın açıq sahəsində və istixanada müxtəlif bitkilər yetişdirilir. İstixana şəraitində yetişdirilən bitkilər müəyyən boya çatdıqdan sonra eyni temperatur rejimi şəraitində açıq şitilxanaya köçürülür. Burada adaptasiya mərhələsini keçən həmin bitkilərdən SOCAR-ın idarə və müəssisələrinin ərazilərinin yaşıllaşdırılmasında istifadə olunur.
Gəzinti zamanı, həmçinin jurnalistlərə parkın flora və faunası haqqında ətraflı məlumat verildi. Media nümayəndələri parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları ilə tanış oldular.
Sonra SOCAR-ın mətbuat katibi Orxan Hüseynov media nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. Şirkətin fəaliyyətində media ilə səmərəli əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran mətbuat katibi bu kimi tədbirlərin kütləvi informasiya vasitələri ilə əməkdaşlığın inkişafına xidmət etdiyini diqqətə çatdırdı.
Daha sonra SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun köməkçisi¬layihə rəhbəri Sabutay Əliyev və “Neftqaztikinti” Trestinin müdiri Qağaməli Seyfullayev təqdimatlarla çıxış etdilər.
Tədbirdə SOCAR-ın “yaşıl” gündəliyi ilə bağlı müzakirələr aparıldı, media nümayəndələrini maraqlandıran suallar cavablandırıldı.
M.YAQUBZADƏ
XQ