“Foto Kadr 2023” mükafatlandırma mərasimi keçirilib

post-img

Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyinin təşkilatçılığı ilə ənənəvi “Foto Kadr 2023” mükafatlandırma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Birliyin İdarə Heyətinin sədri Rəşad Mehdiyev qeyd edib ki, Gilavar Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır. Bu məqsədə çatmaq üçün Birlik tərəfindən hər il müxtəlif layihələr, fotomüsabiqələr, fotosərgilər, ustad dərsləri təşkil edilir.

Diqqətə çatdırılıb ki, 2023-cü ildə fotoqraflarımız Azərbaycanın adına 271 beynəlxalq mükafat qazandırıblar. Ümumilikdə isə son 10 il ərzində beynəlxalq fotomüsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 830-dan artıq mükafat əldə olunub. Onlardan 129 qızıl, 62 gümüş, 59 bürünc medal, 370 fəxri lent, 214 diplom və sertifikatlardır. Bildirilib ki, hazırda ölkəmizdə 10-dan artıq beynəlxalq statusa malik fotoqraflarımız var.

Sonra Gilavar Foto Klubu tərəfindən təşkil edilən, eləcə də digər beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqraflara, medallar, xüsusi lentlər və diplomlar, Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanan həmyerlilərimizə isə sertifikatlar və döş nişanları təqdim olunub. Mükafat alanlar arasında peşəkar fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, İlqar Cəfərov, Nurlan Tahirli, Valeriy Xlızov, Teymur Məmmədov, Nadejda Cavadova, Famil Mahmudbəyli, Tofiq Babayev, Vüqar İbadov, Aleksandr Firstov və Ruslan Hacızadə var.

Bundan əlavə, Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə “Xalq qəzeti” və Faktor.az xəbər saytı Gilavar Foto Klubu tərəfindən plaketlə təltif edilib.



























Son xəbərlər