“Ölüm axtaran qadın” xarici dəstək qazanıb

post-img

Bakı Media Mərkəzinin “Ölüm axtaran qadın” tammetrajlı sənədli film layihəsi Polşa Kino İnstitutunun beynəlxalq müştərək istehsal müsabiqəsinin qalibi olub. 

Azərbaycanın film layihəsi ilk dəfədir Polşa Kino İnstitutunun maliyyə dəstəyini qazanıb. Yüzlərlə iddiaçı arasında qalib gələn 2 layihədən biri “Ölüm axtaran qadın“dır. Müsabiqənin nəticəsinə görə, Polşa Kino İnstitutu layihəyə maliyyə dəstəyi göstərəcək. Filmin montajı, səs tərtibatı, rəng korreksiyası və distribusiyası Polşada polyak mütəxəssislər tərəfindən aparılacaq.

Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, rejissoru Fariz Əhmədov, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, operatorları Mateuş Çuxnovski (Polşa), Daniel Quliyev, redaktorları Rasim İsmayılov və  Esmira Əyyub, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyev, ko-prodüseri Vita Zelakeviciute (Polşa) və prodüseri Orman Əliyevdir. 

Film qadın minaaxtaranların işğaldan azad olunmuş ərazilərdəki fədakar fəaliyyətindən bəhs edir. Qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilir.

“Ölüm axtaran qadın” film layihəsi Azərbaycan Respublikası Kino Agentliyinin 2023-cü ildə keçirdiyi müsabiqənin də qalibi olmuşdu. Hazırda filmin çəkilişləri yekunlaşmaq üzrədir. Ekran əsəri Bakı Media Mərkəzi ilə Polşanın “Drygas Film Production” şirkətinin birgə istehsalıdır.

XQ

 

Son xəbərlər